Reklam verin!
 
Salam olsun!
Hər şeyi zamanın həll etdiyini düşünürük, hərdən bütün yaraların sağalması üçün də bir zamana ehtiyac duyuruq.
Elə şeylər var ki, zamanın və məkanın fövqündə dayanır, hər kəsə də olayınüstü bir təsir bağışlayır. Yazmağa çalışdığım bu yazıda, zamanın fövqündə duran bir şəxsiyyət haqqında yazılmış tarixi və qiymətli bir romana güzgü tutmağa çalışacam.
Öncə onu qeyd edim ki, param-parça olmuş Azərbaycan torpaqlarında, yağmalanmış ellərimizdə hər şey parçalanıb dağılmaq təhlükəsindədir. Mədəniyyətimiz özkeçmişindən ayrı düşmüş, tariximiz saxtalaşdırılmış, ədəbiyatımız da xarici və daxili təsirlərdən iflic xəstə vəziyyətindədir. Son illər dəbin təsirinə qapılıb xarici dillərə meyl salan demokratiya dövrünün və ondan beş-on il əvvəlin “ uşaqları” xarici ədəbiyyatdan götürdükləri sərsəm ideyaları Azərbaycan ədəbiyyatına daşımaqdadırlar. Sadə şəkildə hər kəs ağl(z)ına gələni yazmaqla Azərbaycan ədəbiyyatına “xidmət etməkdədir”. Sonucda xarici təşkilatların təsiri ilə, şeytanın ilhamı ilə yazdıqları sərsəmləmələri Azəbaycan oxucusuna postmodern ədəbiyyat kimi soxuşdururlar.
Davamı...
Bookmark and Share
Baxış sayı:27     Mart 30, 2008 14:41 tarixində, celil tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(0)
Salam olsun!
ÜMİD VAR ƏVƏZİNDƏ
Bilgisayarımın qarşısına keçəndə, hər zaman olduğu kimi bir siqaret yandırdım. Elə yavaş-yavaş nə isə yazmağa başlamışdım ki, dostumun zəngi gəldi:-“Salam qardaş,… necə şeirlərdi?” Yazacağım fikirləri unudacağımdan çəkindiyim üçün tezbazar cavab verdim:-“şeir olmayan yerdə yaxşıdır”-dedim. Yəqin ki, dostum da şeirdən anlamadığımı düşünb, sağollaşdı.
Mənimdə fikirlərim qarışdı və ikinci siqareti yandırıb başladım otaqda var-gəl eləməyə. Kirayə mənzilimin darısqallığı məni sıxdığı üçün həyətə çıxdım və Oktay Hacımusalının son oxuduğum şeirlərindən birini mızıldanmağa başladım:
səhər gedib dərin dərin yuxuya dalacağı balaca daxma
yoxdu bu şəhərdə
ümid var əvəzində
ümid var əvəzində.
Deyəsən yazmağa başladığım yazı alınmayacaqdı. Geri qayıdanda hələdə dodaqaltı mızıldanırdım:-“ ümid var əvəzində”
İlk tanışlığımızı, daha doğrusu ədəbi baxışlarımın köklü olaraq dəyişdiyi zamanı yaxşı xatırlayıram. Soyuq qış ayları idi və mən internet klubda alatoran.org web jurnalını oxuyurdum. Təsadüfən MSN-də onunla tanış oldum. Bəlkədə bu təsadüf deyildi.
O gündən sıx-sıx internet və telefon görüşmələrimiz oldu. Yaradıcılığını da o gündən izləməyə başladım. Tənqidi yazıları, maraqlı müsahibələri, orjinal tərcümələri məni narahat edən bir çox suallara cavab verirdi. Hərdən dartışmalarımız da olurdu. Əsasən də tənqidi yazılarının və nəsr yazılarının müasir Azərbaycan oxucusuna hesablanmadığını inadla iddia edirdim. O da özünə məxsus inadla “bir-iki dost, bir-iki intellektual oxucu məni anlasa bəsimdi” deyirdi. Fevralın son günlərini Bakıda 1-2 gün bərabər olduq. Xanəmirlə, Bəxtiyar Elcanla, Türkiyəli tarixçi Yalçın Murgüllə bərabər olduğumuz zamanlarda da, “Çölçülər ” Ədəbiyyat Mərkəzinin yaranması ideyasını ortalığa atanda da çox az danışırdı.
Çox az danışan və çox çalışan birisidir. İmzasına tez-tez Azərbaycanın mətbuatının səhifələrində, türk internet saytlarında rastlayıram. Harda dartışma var, harda ədəbi mübahisə var, Oktay Hacımusalı ordadır.
Mənim məqsədim Oktay qardaşımın fəallığını işıqlandırmaq deyil. Çoxdan bir arzum var ki, onun haqqında geniş bir yazı yazım.Həmişə də çəkinmişəm ki, ürəyimcə yazı alınmaz. Hər halda çalışacam.
Oktay qardaşım çox mükəmməl ədəbiyyatçıdır. Onun bir məqsədi var- Azərbaycan ədəbi mühitinin inkaşıfına çalışmaq. Hər şeydən hər formada yazır. Uğursuz alınan yazıları da olur, ancaq o səbirlə və cəsarətlə yazır.
Oktay sənəti sənət üçün yaradanlardandır. Azərbaycan oxucusuna hesablanmayan müəyyən yazıları və şeirləri onun ədəbi-bədii təfəkkürünün zənginliyinin göstəricisidir. Məni isə daha çox cəlb edən Oktayın şeirləridir. Oktay zamanı keçmiş üslubdan, standart qəliblərdən sıyrılmağı bacarır, bəziləri kimi dekonustruksiya etmədən də modernləşməyin mümkünlüyünü Xanəmir sayağı, yazıları ilə isbatlayır.
Bəxtiyar Elcanın bir “dolma” müqayisəsi var, deyir ki “xaricdən gələn qonağın qabağına həmin xaricinin öz mətbəxi ilə çıxılmaz, gərək ingilisə, almana, italyana dolma da yedirəsən, yoxsa italyan pizzanı Romada restoranlarda da tapa bilər”. Bəxtiyarın bu fikrinin dolayısıyla ədəbiyyata da çox böyük dəxli var. Nə qədər olar xaricilərdən köçürmək və ya onlar kimi yazmaq? Bu baxımdan Oktay əsl yazardır. O qərbi də, şərqi də gözəl bilir. İstəsə bənzədə bilər. Ancaq o Oktaydır və öz düşündüklərinin türk təfəkkürü prizmasından yazır. Bəzi qələm adamları son on ildə özünü axtara-axtara 3-4 din dəyişib, Oktay isə öz fitrətinə bağlıdır. Şeirlərindəki gizli qalan məqamlar və qeyri-adi düşüncə tərzi sırf türk-islam fəlsəfəsinə söykənən sufi kodlardır.
kimsən
nəçisən
hardansan
unudursan qəflətən
təkcə xatırladığın
qızılgül ətridir
duymaq üçün təzədən
canını verəcəyin.
Bu deyim yalnız türkə məxsusdur. Heç bir qərbli “qızılgülün ətrini təzədən duymaq üçün canını vermək” kimi ucalığı düşünə bilməz. Yalnız bir türk-müsəlman yazarı bunu dərk edir və bu ucalığı qavrayır. “Gülün” məlum prototipini bilənlər yəqin ki, bunu anlayacaq. Oktayın Gülə olan sevgisi onun şeirlərində oxucunu çaşbaş sala bilən maraqlı bir faktordur. Oktayın nə demək istədiyini anlamaq üçün Gülə Oktayın baxdığı islami kamillik kodundan baxmaq lazımdır. Bu kodun açılışıda məhz Oktayın öz yaradıcılığında gizlənib.
Və yaxud Oktayın başqa bir şeiri:
ay bircə gözləri görünən hicablı qadın
şəxsiyyət vəsiqəsini almaq üçün boyunu ölçdürən a qoca kişi
sizin hec qızılgülləriniz soldumu
eh mənim güldanımdakı bir qızılgül dəstəsi də belə soldu
iylənməkdən
-yenədə qızılgüllər və yenə də özünə məxsus baxış prizması. Gülü bu qədər tərənnüm edən Oktayın şeirlərindəki Gül sevgisi çox böyük və islamı bir anlayışı ifadə edir. Türk fikirinə və türk ədəbiyyatına yaxından bələd olan Oktay Gülün daşıdığı fəlsəfi anlamı bilməmiş deyil. Şeirdən şeirə mükəmməlləşən Oktay yaradıcılığı sözün əsl mənasında oxucunu düşündürür.nədir bu
kitabın sonuncu vərəqinə çatan kimi dala qayıtmaq
başdan lap başdan oxumaq axıra kimi
mənim sevdiyim qızların hamısı yağmur damcısı
qar dənəsi
ovcuma düşən
və yox olub gedən.
Bu məqamda formanın təkrarsızlığı məni daha çox cəlb edir. Bu forma da, bu üslub da, bu deyim də yaxşı yaza bilməyən, özünü axtarıb tapa bilməyən yazarlarımıza bir etiraz formasıdır. Bəxtiyar Elcanın yazmamaqla bildirdiyi etiraz formasından daha mükəmməl bir etirazdır bu şeirlər. Oktayın düz yazılarında açılmamış qalan fəlsəfi kodlar deyərdim ki, şeirlərində səlis bir şəkildə açılır. Nə etdiyini və nə edəcəyini bilən bir qələm adamıdır Oktay.mən onu gördüm isanın mövludu günü
sevil kinoteatrında
hər gün səhər telli xalanın süpürdüyü o geniş zalda
əlini qoltuğuna qoyub
fikirləşirdi məyus halda
Şəxsən tanıyanlar yəqin ki, Okyın dolayısıyla hansı hədəfi vurmağını anlayırlar. Oxucuya da aydın olması üçün, mən sadəcə düşünməyi tövsiyə edirəm. Yazar öz oxucusu üçün sirli qaldıqca böyükləşir. Digər bir yandan “isanın mövludu günü” maraqlı bir tapındır. Zamana bu cür ad seçimini çox məqsədli düşünüb Oktay. Ümumiyyətlə Oktayın yaradıcılığında çox sayda maraqlı deyimlər var. Bir iki misal yerinə düşər ; “bir uzunsaçlı ahla gəlirsən gözümün qabağına”, “yuxulu pəncərəndən mənə əl elə”, “ tutuquşular təkrar elədi onların gözyaşlarının səsini” və sair. Yetərincə maraqlı deyimlər var ki, bu deyimlərə əsaslanaraq Oktayın uğurlu tapıntılarla zəngin yazar adlandırmaq olar. Sevgisidə, həsrətidə qeyri-adidir Oktayın. Düşünürəm ki, Oktayın bizim ədəbiyyatımız üçün etdikləri əvəzsizdir. Yorulmadan gənc yazarların təbliğini davam etdirən yazar qardaşımız mənim yazımın əvvəlində yazdığım sözləri yəqin ki, anlamamış deyil. Oktayın şeirləri doğurdanda ədəbiyyatımızda şeirin olmadığı bir zamanda yazılır və sözün əsl mənasında ŞEİRDİR. “Şeirin olmadığı yerdə şeirdir” sözüm məhz bu baxımdan yersiz deyilməyib.Oktay hədəfi bəlli bir yazar, mayası təmiz bir fikir adamıdır.
Yolumuz sonsuz çöllərdən keçən “Çölçülər”ik biz. Nə bomboz çöllər, nə də çöl vəhşiləri bizi qorxutmaz. Sonsuz çöllərə doğru yolun açıq olsun, ÇÖLÇÜ qardaş! Tanrı səni qorusun! Tanrı Türkü Qorusun!
P.S SON SÖZ YERİNƏ VƏ YA ƏDƏBİ TƏNQIDIN OLMADIĞI YERDƏ…
Yəqin ki, dostlar bu yazını oxuyanda mənim bu cür üslubumu bəyənməyəcək. Bəxtiyar da özünəməxsus reaksiyanı verəcək; “işarələrin sayı yaman çoxdur”-deyəcək. Ola bilsin ki, mənim “barışmaz redaktor” olan B.Elcan qəzet yazısı üçün işarələrin çoxluğunu düşünəcək. Ancaq məhz onun simasında dostlarıma vurduğum işarəni də mütləq anlayacağından əminəm. Necə deyərlər “arifə bir işarə də bəsdir.” Niyə məhz bu essevari tənqid üslubunu seçməyim sual doğurarsa və oxucuları düçündürərsə, hər kəsi düşündürəcək bir cavabım var öncədən:- ədəbi tənqidin olmadığı yerdə…

Bookmark and Share
Baxış sayı:45     Noyabr 5, 2007 17:55 tarixində, celil tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 2